Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Paşinyan hakimiyyəti qorumaq üçün yeni silahlanmanı nümayiş etdirəcəkmi?” başlıqlı məqaləsində yazıb.
“Ordu günü münasibətilə müraciətimi hazırlayarkən, təbii olaraq, bu müddət ərzində orduda baş verən dəyişiklikləri və əldə olunan nailiyyətləri vurğulamaq üçün nələri qeyd edə biləcəyimi planlaşdırırdım. Və sadalamağa başlayanda anladım ki, son illərdə orduda baş verən dəyişiklikləri qeyd etmək üçün müraciət yox, kitab yazmalıyam”, - deyə o, yanvarın 28-də Ermənistan Müdafiə Nazirliyində hərbçilərlə görüşdə giriş nitqində bildirib və sadalamalara başlayıb.
“Daha sonra Ermənistan Silahlı Qüvvələrində həyata keçirilən dəyişikliklər və islahatlar barədə hesabatı müdafiə naziri Suren Papikyan təqdim edib.
Təbii ki, nə Nikol Paşinyanın müraciətində və Müdafiə Nazirliyində səsləndirdiyi çıxışda, nə də Suren Papikyanın hesabat xarakterli nitqində yeni silahlanmanın əldə olunması mövzusu kənarda qalmayıb. Müdafiə islahatları mövzusu yanvarın 29-da keçirilən hökumət iclasında da davam etdirilib. Həmin iclasdan sonra Suren Papikyan hərbi qurumun qarşısında dayanaraq Hərbi Akademiyada yaradılmış şəraiti və burada təhsil almağın üstünlüklərini ətraflı təqdim etməyə qərar verib və ya mahiyyət etibarilə, siyasi tapşırıq alıb. Halbuki burada heç bir yenilik yoxdur, bütün bunlar barədə dəfələrlə həm nazir, həm də akademiyanın rəisi tərəfindən məlumat verilib. Söhbət ümumiyyətlə görülən işlərdən danışılmamalı olmasından getmir. Söhbət ondan gedir ki, müdafiə naziri məcbur qalaraq şəxsən videoroliklərdə çəkilir və hərbi təhsil müəssisəsinin proqramlarını növbəti dəfə təqdim edir. Ehtimal olunur ki, digər islahatlar da ayrı-ayrılıqda təqdim olunacaq”, - deyə nəşr bildirib.
KİV-ə görə, bu məntiq çərçivəsində istisna deyil ki, Nikol Paşinyan hansısa mərhələdə müəyyən qrupların yeni silahlanma ilə tanış olduqdan sonra verdiyi reaksiyanı kifayət hesab etməsin.
“Halbuki burada məxfilik prinsipi çərçivəsində ciddi məhdudiyyətlər mövcuddur. Buna baxmayaraq, seçkilərə yaxın dövrdə ictimai silahlanma nümayişi təşkil oluna bilər. Axı sübut etmək lazımdır ki, xarici borcun artması əsaslıdır. Biz buna başqa bir yazıda toxunmuşduq.
Qeyd edək ki, məhz bu günlərdə “168.am”a daxil olan məlumatlara görə, istisna edilmir ki, Nikol Paşinyan məhz mayın 28-də yeni alınmış silahların nümayişi ilə bağlı sərgi-parad təşkil etsin. Keçirilə biləcək yer barədə də məlumatlar daxil olub, lakin təhlükəsizlik baxımından bunu açıqlamırıq. Bu mövzu ilə bağlı Ermənistan Müdafiə Nazirliyindən açıqlama almağa çalışsaq da, məsul şəxslərlə əlaqə yaratmaq mümkün olmayıb, buna görə də yazılı sorğu göndərmişik. Cavab alan kimi onu təqdim edəcəyik.
Xatırladaq ki, daha əvvəl Nikol Paşinyan müasir silahların parad formatında nümayiş etdirilməsinə, o cümlədən sıravi vətəndaşların bu yöndə təkliflərinə qarşı çıxmışdı. Lakin necə deyərlər, əgər bu, hakimiyyəti qorumağa kömək edərsə, Azərbaycan tərəfi ilə aparılan müəyyən danışıqlar nəticəsində Paşinyan buna da gedə bilər. Axı dəfələrlə bildirilib ki, əldə edilən silahlar tətbiq olunmayacaq, çünki müharibə olmayacaq, sülh artıq təsbit olunmuş faktdır”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, digər tərəfdən isə ordu günündə Ermənistan Müdafiə Nazirliyində Paşinyan qəfil güclü ordunun əhəmiyyətini xatırlayıb.
“Dinc şəraitdən asılı olmayaraq, sülhün nə qədər etibarlı olmasından asılı olmayaraq, biz güclü və müdafiə qabiliyyətli orduya malik olmalıyıq. Çünki güclü ordusu olmayan istənilən ölkə hamı üçün cazibə obyektinə çevrilir. Buna görə də Ermənistanın əsas gündəmində həmişə güclü və müdafiə qabiliyyətli ordunun mövcudluğu dayanmalıdır”, - deyə Paşinyan bildirib.
“Bunu daxili auditoriya üçün verilmiş mesaj hesab etmək olarmı və bu mesaj hərbi texnikanın açıq nümayişi ilə praktikada sübut edilə bilərmi? Bunu Müdafiə Nazirliyinin cavab məktubunu gözləyərək görəcəyik.
Bu arada 44 günlük müharibə ilə bağlı hesabat mövzusuna da qısa toxunaq. Bu yaxınlarda hakimiyyətə yaxın mediaya verdiyi müsahibədə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan rəhbərlik etdiyi istintaq komissiyasının keyfiyyətli hesabat hazırladığını iddia edib.
“16 mindən artıq yazılı, video və audio material, xəritələr var ki, məhz bunlar hesabatın hazırlanması üçün əsas yaradıb və onun həcmi 500 səhifədən çoxdur. Bunlar tanış olunması son dərəcə vacib olan materiallardır. Hesabatın mövcudluğu ən mühüm nailiyyətdir. Müddətlə bağlı hüquqi mübahisələr isə törəmə mübahisələrdir. Əsas problem həll olunub. Bütün materialları aşağıya, qapalı məkana köçürdükdən sonra hesabat həm Milli Təhlükəsizlik Xidmətinə, həm Müdafiə Nazirliyinə, həm də nəticə çıxarmaq imkanı olan bütün dövlət qurumlarına əlçatan olacaq”, - deyə o bildirib.
Nəşrə görə, daha sonra Andranik Köçəryan əlavə edib ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyası hakim fraksiya ilə müzakirə edərək, hesabatın hansı hissəsinin ictimaiyyətə təqdim oluna biləcəyi barədə qərar qəbul edə bilər ki, 44 günlük müharibə ilə bağlı ümumiyyətlə heç kim spekulyasiya etməsin. “20 səhifə həcmində hazırlanmış nəticələr son dərəcə vacibdir ki, cəmiyyətimiz nəhayət niyə məğlub olduğumuzu bilsin”, - deyə o vurğulayıb.
“Plenar iclasda 44 günlük müharibə hesabatını təqdim etmək imkanından məhrum olmuş və bu baxımdan ambisiyaları təmin olunmayan Andranik Köçəryan hesabatın icazə verilən hansısa hissəsinin ictimaiyyətə açıqlanmasına nail ola biləcəkmi? Yəni onun istəyi hansısa məqamda Nikol Paşinyan üçün siyasi zərurətə çevriləcəkmi? Bunu zaman göstərəcək”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az